1991-ci il noyabrın 14-də erməni terrorçuları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayət Prokuronun müavini olan Şükür Rzayevi girov götürdülər. Onun xilası üçün çalışmağa başladıq. O vaxt rəsmən “Mardakert” adlanan keçmiş Ağdərə rayonunun prokuror köməkçisinin arvadı və oğlu ilə Şükür bəyin dəyişdirilməsinə razılaşdıq.
Bu fikirləri hafta.az-a 1990-1991-ci illərdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışmış, istefada olan polis polkovniki Sadir Məmmədov deyib.
Onun sözlərinə görə, noyabrın 16-da Baş prokuror İsmət Qayıbov Ağdama gəldi və israr etdi ki, Şükür Rzayevi girovluqdan qurtarmaq əməliyyatına bilavasitə rəhbərlik etmək üçün Xankəndinə getmək istəyir:
"Mənə dedi ki, onu Xankəndinə aparım. Etiraz etdim ki, İsmət müəllim, mən sizi apara bilmərəm, vəziyyət o qədər qarışıqdır ki, hər şey ola bilər. Doğrudan da o vaxt erməni “bayevik”ləri Məhəmməd Əsədova və İsmət Qayıbova qarşı çox aqressiv idi. Onların da, mənim də başımıza pul qoyulmuşdu. Amma Qayıbovu yola gətirə bilmədim. Dedi ki, yaxşı, sən pis vəziyyətdə qalmayasan deyə, kağız yazım qoyum, hər hansı hadisə baş versə, səni günahlandırmasınlar... Xülasə, onu vertolyotla Xocalıya, oradan isə komendantın maşını ilə Xankəndinə, sovet hərbçiləri olan yerə apardım... Rəhmətlik Qayıbov çox mərd adam idi, Ermənilərlə danışıqlar zaman dedi ki, azərbaycanlılar heç vaxt qadını girov saxlamaz. Biz onu sizə veririk... Mən ayağına vurdum ki, bizi aldadırlar, belə etmə. Ancaq İsmət müəllim dediyindən dönmədi və həmin gecə hərbçilər vasitəsi ilə erməni qadın və uşağı geri verdik. Təəssüf ki, dediyim kimi də oldu, ermənilər Şükür Rzayevi bizə qaytarmadılar. İsmət Qayıbova dedim ki, onlardan kişilik gözləməyə dəyməz, bizi aldatdılar. Bu vaxt noyabr ayının 18-də mənə məlumat gəldi ki, o vaxt “Martuni” adlanan indiki Xocavənd rayonunun Qaradağlı kəndinin camaatı amansızlıqla deportasiya olunub, hamısı Ağdamdadır. İsmət Qayıbova Ağdama getməli olduğumu dedim".